A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Rövşən Yerfi

Rövşən Yerfi 

Rövşən Yerfi – Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru.


Rövşən Yerfi (Rövşən Həsənbaba oğlu Həsənli) 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki “Azərpoçt”) əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir, "Millət" qəzetində (1993-1994) məsul katib müavini işləmişdir. 

1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində xidmət etmişdir. İstefada olan ədliyyə mayorudur.

2014-2015-ci illərdə kitab redaktorluğu işi ilə məşğul olmuş, altmışadək kitabın nəşrində (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. 

Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 

2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. 2010 və 2012-ci illərdə hekayələri Azadlıq Radiosunun “Ədəbi Azadlıq” müsabiqəsinin “Seçmə hekayələr” siyahısına düşmüşdür. Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri və 7 hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda “Günahsız qatil”, “Sel”, “Müqəssir” povestlərini və beş hekayə yazmışdır. “Lənətə gələnlər”, “HİV qasırğası”, “Ziyarət”, “Baba yurdu” povestləri, qırxdan çox hekayəsi, kiçik esseləri və mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. “Mənim gündəliklərim” adlı memuarında 1987-1990-cı illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.

Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı kimi "Residivist" (1996) povesti, "Üzdəniraq ada" (2003) romanı, “Ruzi” (2012) hekayəsi ilə başlanan yeni nümunələrlə məhbəs nəsrini zənginləşdirmişdir. Ümumən isə ilk dəfə bu mövzuda pyeslər (“Həbsxana bənövşəsi” (2013),"Sanitarlar" (2017)), qadın həbsxanası haqqında povest (“Qadın düşərgəsi” (2006)), oçerk  ("Qanunda olmayan dövlət" (2012)), esse (“Penitensiar - tövbə etmək, peşmanlamaq” (2022)) və HİV təhlükəsi barədə kiçik povest ("HİV qasırgası" (2007)) yazmış, Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

Publisist olaraq yüz iyirmidən artıq esse və məqalələrin müəllifidir. Beş kitab redaktorudur. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Esse, memuar, hekayə və povestləri ondan çox saytlarda, o cümlədən, Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 10 elektron kitabı yayımlanır.

İstifadə olunan mənbələr: rovshenyerfi.wordpress.com

No comments:

Post a Comment